“ELEKTRON SINAQ QİYMƏTLƏNDİRMƏ”


       Azərbaycan Respublikası Təhsil Nazirliyinin elan etdiyi “Təhsildə inkişaf və innovasiyalar üzrə 1-ci qrant müsabiqəsi” çərçivəsində ümumtəhsil kateqoriyası üzrə dəstəklənən layihələrdən biri də Nizami rayonunda yerləşən 214 nömrəli tam orta məktəbin layihəsidir. Layihə “Elektron Sınaq Qiymətləndirmə” mövzusuna həsr olunub.
       “Elektron Sınaq Qiymətləndirmə” layihəsinin əsas məqsədi şagirdlərin keyfiyyət göstəricilərinin yaxşılaşdırılması, yeni fənn kurikulumlarının tətbiqində məktəbdaxili qiymətləndirmənin rolunun daha da artırılması, innovativ elektron sınaq qiymətləndirmə alətinin tətbiqi ilə şagirdlərin inkişaf dinamikasının izlənilməsi, qiymətləndirmə nəticələrinin təhlilinin və müvafiq hesabatların vaxtında hazırlanmasının təmin edilməsi, şagirdlərin bu kimi qiymətləndirmələrdə iştirak təcrübəsinin artırılması, həmçinin təhsili idarəetmə orqanlarının şagird nailiyyətlərinin izlənilməsi sahəsində aparılan fəaliyyətlərinə dəstək olmaqdır.
       Şagird nailiyyətinin izlənilməsi üçün müəllimlərin innovativ elektron qiymətləndirmə aləti ilə təmin edilməsi, qiymətləndirmə nəticələrinin analizi, müqayisəli təhlili, şagirdlərin inkişaf dinamikasının qrafik görüntüsü, müvafiq hesabatların vaxtında hazırlanması və şagirdlərlə məqsədyönlü işin təşkili, qiymətləndirmə nəticələrinə əsasən şagirdin, sinfin və məktəbin elektron portfoliosunun hazırlanması, elektron sistem vasitəsi ilə məktəb direktoru, müəllimlər, valideynlər üçün şəxsi səhifələrin yaradılması və  dərs ili boyu şagirdlərin qiymətləndirmə nəticələri, inkişaf dinamikası ilə tanış edilməsi, siniflər üzrə elektron şəkildə monitorinqlərin təşkili imkanının yaradılması, məktəbin çap xərclərinin azaldılması, tədris proqramlarını hazırlayan və qiymətləndirmə fəaliyyəti ilə məşğul olan mütəxəssislər arasında qarşılıqlı əlaqələrin yaradılması, həmçinin məktəbdaxili qiymətləndirmənin mahiyyətinə tamamilə zidd olan yalnız test tapşırıqlarından ibarət və Təhsil Nazirliyinin qrifi olmayan vəsaitlərin məktəbə ayaq açmasının qarşısının alınması layihənin qarşısında duran əsas vəzifələrdir.
       Hazırda Azərbaycan Respublikasında bir çox sahələrdə olduğu kimi, təhsil sahəsində də köklü islahatlar həyata keçirilir. Bu islahatların əsas məqsədi cəmiyyətin ehtiyac və tələbləri nəzərə alınmaqla, təhsilin keyfiyyətini yüksəltmək və onun inkişafını təmin etməkdir. Bununla əlaqədar təhsilin keyfiyyətini şərtləndirən amillərə, ilk növbədə təhsilin məzmununa, müəllim hazırlığına və qiymətləndirmə sistemlərinə yenidən baxılması zərurəti yaranmışdır.
       Təhsilin keyfiyyətinin müəyyənləşdirilməsində əsas göstərici şagirdin təlim nəticələri olduğundan, həmin nəticələrin obyektiv qiymətləndirilməsi də keyfiyyəti üzə çıxaran ən etibarlı mənbə hesab olunur. Cənab prezident İlham Əliyevin 24 oktyabr 2013-cü il tarixli Sərəncamı ilə təsdiq edilən “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın hədəflərindən biri də şagird nailiyyətlərinin monitorinqi və qiymətləndirilməsi üzrə sistemin təkmilləşdirilməsidir.
       Təlim və tədris prosesinin təkmilləşdirilməsi, ölkə üzrə şagirdlərin nailiyyətləri barədə obyektiv məlumatların əldə edilməsi, habelə dövlət təhsil standartlarının monitorinqinin həyata keçirilməsi üçün müasir qiymətləndirmə mexanizmlərinin yaradılması “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nda mühüm vəzifə kimi irəli sürülür.
       Məlumdur ki, son illər Azərbaycan Respublikası Təhsil Nazirliyi məktəblərin keyfiyyət göstəricilərinin müəyyənləşdirilməsində IX sinif şagirdlərinin buraxılış imtahanılarının nəticələrinə əsaslanır. Təhsil Nazirliyi, eyni zamanda Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) şagirdlərin tədris olunan fənnlərə marağının artırılması, onların keyfiyyət göstəricilərinin yaxşılaşdırılması istiqamətində çoxsaylı fəaliyyətlər həyata keçirir. Həyata keçirilən fəaliyyətlərin nəticəsi olaraq son 3 ildə bütün ölkə üzrə keyfiyyətin artmasında BŞTİ-nə tabe ümumtəhsil müəssisələrinin məzunlarının nəticələrinin yaxşılaşması mühüm rol oynamışdır. Bununla belə BŞTİ-nə tabe ümumtəhsil müəssisələrində təhsil alan IX sinif şagirdlərin buraxılış imtahan göstəricilərini qənaətbəxş hesab etmək olmaz. Nəticələrin istənilən vəziyyətdə olmamasını hazırda ümumtəhsil məktəblərində həyata keçirilən məktəbdaxili qiymətləndirmələrin qoyulan tələblərə kifayət qədər cavab verməməsi ilə əlaqələndirmək olar. Eyni zamanda, şagirdlərin tədris ili boyu təlim nəticələrinin izlənilməsi prosesinin və qiymətləndirmələrdə iştirak praktikasının az olması yekun buraxılış imtahanlarında zəif nəticə göstərmələrinə təsir edən amillərdən hesab olunur.
       Pilot layihə çərçivəsində 15 ümumtəhsil məktəbinin IV və IX siniflərində elektron sınaq qiymətləndirmələrin təşkili üçün xüsusi proqram təminatı yaradılıb. Proqram təminatı hazırlanarkən layihənin işçi qrupunun, qiymətləndirmə mütəxəssislərinin tövsiyələri dinlənilib. Proqram təminatı vasitəsi ilə dərs ili ərzində  IV və IX siniflər üzrə müvafiq fənlərdən elektron sınaq qiymətləndirmələr təşkil olunacaqdır. Sınaq qiymətləndirmələr üçün suallar layihə üçün dəvət edilmiş xüsusi komissiya tərəfindən kurikulumun məzmun standartlarına uyğun formada hazırlanıb.
       Yaradılmış müasir qiymətləndirmə mexanizminin uğurla tətbiqi nəticəsində layihəyə cəlb edilmiş məktəblər üzrə şagird nailiyyətləri, inkişaf dinamikası barədə obyektiv məlumatlar qısa müddətdə əldə ediləcəkdir. Qiymətləndirmə nəticələrinin təhlilinin və müvafiq hesabatların vaxtında hazırlanması şagirdlərlə məqsədyönlü işin təşkilinə imkan yaradacaqdır.
       Layihə çərçivəsində tədris ilinin əvvəli və hər bir təhsil vahidinin sonunda müvafiq fənlərdən təşkil olunacaq elektron sınaq qiymətləndirmələr şagirdlərin qiymətləndirmələrdə iştirak təcrübəsini artıracaq, şəxsi nailiyyətlərini, inkişaf dinamikasını izləmək imkanı yaradacaqdır. Nəticədə şagirdlər tədris ilinin sonu təşkil olunacaq IX  siniflər üzrə yekun buraxılış imtahanına  hazırlıqlı olacaqlar.
       Layihənin həyata keçirilməsi nəticəsində müvafiq fənn müəllimləri sinfin portfoliosunu , məktəb direktoru isə müvafiq siniflər üzrə məktəbin portfoliosunu, inkişaf dinamikasını izləmək imkanı əldə edəcəkdir. Beləliklə, dərs ilinin sonuna doğru məktəb direktoru məktəbin yekun təlim nəticələri ilə bağlı proqnozu təxmin edə biləcəkdir.